Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 27 aprel, AZƏRTAC
Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb və onu Naxçıvanda görməkdən məmnunluğunu bildirib.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələrin uzun müddətdir davam etdiyini bildirən Ali Məclisin Sədri deyib ki, təşkilat tərəfindən muxtar respublikada kəhriz sistemlərinin bərpası layihəsinin və sərhəd mühafizəsinin təşkili ilə bağlı seminarın keçirilməsi müsbət nəticələr verib. Ali Məclisin Sədri həyata keçirilən birgə tədbirlərin dünyanı narahat edən problemlərin həllinə töhfə verdiyini bildirib və Beynəlxalq Miqrasiya Təşkilatının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin Naxçıvana səfərindən və həyata keçirilən qarşılıqlı tədbirlərdən danışan Ali Məclisin Sədri əlaqələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Səmimi qəbula görə minnətdarlıq edən Jill Helken Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun salamlarını Ali Məclisin Sədrinə çatdırıb. Qonaq Naxçıvan Muxtar Respublikasında son illər müşahidə olunan inkişafın və qazanılan nailiyyətlərin məmnunluq doğurduğunu bildirib, mövcud potensialın əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açdığını qeyd edib.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.