NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ POLŞANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Ötən ilin noyabrında MR-də tanışlıq səfərində olduğunu xatırladan Kşiştof Krayevski, bu səfərin onda böyük təəssürat oyatdığını bildirmişdir. O qeyd etmişdir ki, ötən qısa müddətdə muxtar respublikada böyük quruculuq işləri aparılmışdır. Bölgədəki sabitlik iqtisadiyyatın dinamik inkişafına stimul yaradır. Odur ki, Polşa Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır. Muxtar respublikanın füsunkar gözəllikləri burada turizm üçün geniş perspektivlər açır. Bölgənin zəngin yeraltı və yerüstü sərvətləri əməkdaşlıq imkanlarını genişləndirir.
Ali Məclisin sədri hörmətli qonaqları yenidən Naxçıvanda görməkdən məmnun olduğunu bildirmiş, muxtar respublikada sənayenin və kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışmış, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin qaz yanacağına olan tələbatının ödənilməsi sahəsində görülən işlər barədə məlumat vermişdir.
Muxtar respublikanın 15 il əvvəl Ermənistan tərəfindən blokadaya alındığını xatırladan Ali Məclis sədri, bunun bölgənin iqtisadiyyatında mənfi təsirini vurğulamışdır. O qeyd etmişdir ki, bütün bunlar MR-də istehsal edilən kənd təsərrüfatı məhsullarının digər bölgələrdə satışında problem yaradır.
Səfir noyabrın 8-də Bakıda Polşada istehsal edilən sənaye məhsullarının satış-sərgisi keçiriləcəyini, bu sərgidə Polşa Respublikasının parlament sədrinin iştirak edəcəyini bildirmiş, V.Talıbovu həmin sərgiyə dəvət etmişdir.
Görüş zamanı Naxçıvan və Krakov şəhərləri arasında daha sıx iqtisadi və mədəni əlaqələrin yaradılması, bu iki şəhərin qardaşlaşması məsələləri müzakirə olunmuşdur.