NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin qeyd olunması ilə bağlı həyata keçirilmiş tədbirlərin təhlili göstərir ki, bu olduqca mühüm və səmərəli işin davam etdirilməsinə ehtiyac vardır. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarının tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın, habelə bölgənin tarixində böyük əhəmiyyət kəsb etdiyini və onun 80 illiyinin xalqımızın həyatında əlamətdar hadisə olduğunu nəzərə alaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80 illik yubileyi
ölkəmizdə geniş qeyd olunsun.
2. Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi üçün hazırlanmış tədbirlər planı təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 fevral, 2004-cü il.