Naxçıvana saxta dollar əsginaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib
Naxçıvan, 19 dekabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.
Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 min saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib. Dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.