Naxçıvanda “Bakı-2015” ilk Avropa Oyunlarının Alov festivalı keçirilib
Naxçıvan, 28 aprel, AZƏRTAC
Aprelin 27-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Naxçıvan şəhərinə gətirilib və Alov festivalı keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivala baxıb.
Əvvəlcə məşəl Naxçıvana səyahət proqramı çərçivəsində idmançıların müşayiəti ilə Duzdağ Fizioterapiya Mərkəzinə, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gətirilib.
Sonra məşəl estafetinə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsindəki Koroğlu abidəsinin yanından start verilib. Naxçıvanlı idmançılar məşəli “Bakı-2015” Birinci Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovadan təhvil alıblar. Estafeti 11 idmançı növbə ilə davam etdirərək Əziz Əliyev və Cəlil Məmmədquluzadə küçələrindən keçdikdən sonra Heydər Əliyev prospektindəki mərkəzi meydana çatdırıblar. Minlərlə sakin məşəl estafetini alqışlarla müşayiət edib, bu mötəbər tədbirin həyəcan və sevincini yaşayıblar. Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü Polad Əliyev məşəli alqış sədaları altında mərkəzi meydandakı səhnəyə qaldırıb və Alov festivalı başlanıb.
Əvvəlcə Atəşgah məbədində Birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirin aparıcısı qeyd edib ki, bu il iyunun 12-dən 28-dək paytaxt Bakı şəhərində ilk Avropa Oyunları keçiriləcəkdir. Bununla əlaqədar olaraq ölkəmizdə Avropa Oyunlarının əsas simvolu və carçısı olan məşəl estafeti keçirilir. Aprelin 26-da Bakı şəhərindəki Atəşgah məbədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən alovlandırılan məşəl 47 gün ərzində 5500 kilometr məsafə qət edərək Azərbaycanın 60 rayon və şəhərində oyunların ruh və həyəcanını yaşadacaq, ölkəmizin təbii gözəlliyini və mədəniyyətini dünyaya nümayiş etdirəcəkdir.
Festivalda Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən nüfuzlu idman yarışlarına ev sahibliyi edir, idmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ilbəil artır. Naxçıvan Muxtar Respublikasında da idman qayğı ilə əhatə olunub. Olimpiya İdman kompleksləri, Üzgüçülük, Şahmat, Stend və Sportinq Atıcılıq mərkəzləri, stadionlar, şahmat və uşaq-gənclər idman məktəbləri yaradılıb. Birinci Avropa Oyunları Azərbaycanda idmanın inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaqdır. Oyunların Azərbaycanda keçirilməsinin Naxçıvanda da sevinclə qarşılandığını bildirən Azad Cabbarov festivalın təşkilatçılarına minnətdarlıq edib, idmançılara Avropa Oyunlarında uğurlar arzulayıbdır.
Sonra “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi çırağı Naxçıvan şəhərinə hədiyyə edilib. Bu çıraq iyunun 28-dək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində yanılı saxlanılacaqdır.
Naxçıvan Dövlət Filarmoniyasının və Şərur Xalq Yallı Ansamblının çıxışları alqışlarla qarşılanıb, festival möhtəşəm “Alov şousu” ilə yekunlaşıb.