Naxçıvanda Cəlil Məmmədquluzadənin 155 illiyi ilə bağlı tədbir keçirilib
Naxçıvan, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Görkəmli yazıçı və böyük demokrat - Cəlil Məmmədquluzadə 155” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbiri muzeyin direktoru Aləmzər İbrahimova açaraq, Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş Cəlil Məmmədquluzadənin məktəbdə muzey yaratmaqla, ölkəmizdə muzey işinin əsasını qoyduğunu bildirib. Ədibin Bakı və Tiflis şəhərlərində də ev-muzeylərinin fəaliyyət göstərdiyini deyən muzeyin direktoru diqqətə çatdırıb ki, bu gün muzeylər onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə, özlərinin mənəvi borclarını yerinə yetirməyə çalışırlar.
Cəlil Məmmədquluzadənin dram, hekayə, felyeton, povest və digər yazılarında cəmiyyətin inkişafına mane olan nöqsanları qabartdığını söyləyən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar qeyd edib ki, ədib daim cəmiyyətin problemini üzə çıxardığı üçün xalq tərəfindən ona “Mirzə” ləqəbi verilib.
Mirzə Cəlilin əsərlərində ana dilinin saflığı uğrunda daim mübarizə apardığını vurğulayan Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli isə deyib ki, nasirin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, azadlıq ideyalarının inkişafına güclü təsir göstərib.
Muzeyin baş elmi işçisi Nərmin Nuriyevanın çıxışından sonra görkəmli ədibə həsr olunmuş guşəyə baxış olub.