Naxçıvanda ətraf mühitin mühafizəsi tədbirləri davam etdirilir
Naxçıvan, 15 dekabr, AZƏRTAC
Muxtar respublikada ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən uğurlu sosial-ekoloji siyasət həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, noyabr ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 10 yoxlama-reyd keçirilib, 2 inzibati xəta qeydə alınıb və qanunauyğun tədbir görülüb.
Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə də üstünlük verilir. Bu məqsədlə Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Şahbulaq, Kəngərli rayonunun Xok, Ordubad rayonunun Parağa, Sədərək rayonunun Sədərək kəndlərində ekoloji-hüquqi maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması, ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə və dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılıb. Ay ərzində ekoloji monitorinqlər də davam etdirilib. Bu məqsədlə Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 28-dən çox yaşayış məntəqəsində monitorinqlər aparılıb.
Hesabat ayında Arpaçay və Araz çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 4 su nümunəsi olmaqla, ümumilikdə, 12 su nümunəsi götürülüb və Sədərək Rayon Su Monitorinq Laboratoriyasında 108 analiz aparılıb. Analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmayıb.
Ötən ay payız yaşıllaşdırma tədbirləri çərçivəsində, ümumilikdə, 15,6 hektar sahədə yeni meyvə bağları salınıb, 25 hektara sahədə tinglə bərpa, 100,5 hektar sahədə toxumla əkin işləri həyata keçirilib, 24 min 170 ədəd müxtəlif meyvə, meşə tingləri, həmişəyaşıl və üzüm kolundan istifadə olunub. Toxum bölgüsünə uyğun olaraq 383 kiloqram müxtəlif meyvə və meşə toxumları tədarük edilib. Növbəti illərdə tingə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə Qoşadizə və Xətai ərazilərindəki tinglik sahələrdə 509 kiloqram toxumdan istifadə olunmaqla, badam, alma, gilənar, alça, almaxara toxmacarlıqları salınıb.
Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair sərəncamın icrası məqsədilə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələrinə noyabrın 16-dan dekabrın 30-nadək istehsalat təcrübəsinin keçirilməsinə başlanılıb. İstehsalat təcrübəsi dövründə tələbələrə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji qanunvericiliyin tələbləri və sair sahələr üzrə geniş məlumatların verilməsi ilə yanaşı, idarə və müəssisələrin fəaliyyəti, onların iş prinsipləri ilə tanışlıq sahəsində tədbirlər həyata keçirilir. Bu məqsədlə Ekologiya mühəndisliyi ixtisasının IV kurs tələbələri nazirliyin Meşə Tingliyi Müəssisəsində olublar. Burada onlara toxmacarlıq sahələrinin salınması, ting yetişdirilməsi və aqrotexniki qulluq işlərinin aparılması ilə bağlı geniş məlumat verilib, sonra tələbələr toxumacarlıqların yaradılması işində iştirak ediblər.