REGİONLAR
Naxçıvanda Milli Qəhrəman Yusif Mirzəyevin xatirəsi anılıb
Naxçıvan, 19 fevral, Nail Əsgərov, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə xatirəsi anılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri şəhidin ailəsi ilə birlikdə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, ehtiramlarını bildiriblər.
Anım tədbirində “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Ceyhun Bayramov qeyd edib ki, bu gün şəhid məzarları önündə qürurla dayanırıq. Çünki Vətən müharibəsində Qələbə qazanmaqla bütün şəhidlərimizin qisasını aldıq. Onların uğrunda şəhid olduqları torpaqlar daha işğal altında deyil. Milli Qəhrəman Yusif Mirzəyevin uğrunda canından keçdiyi Ağdərə rayonu da artıq azaddır. Bu gün onun ruhu şaddır. Çünki onun kimi oğulların rəşadəti sayəsində azad Vətən torpağında Azərbaycan Bayrağı dalğalanır. Yusif Mirzəyevin şəhid olduğu gündən 32 il keçməsinə baxmayaraq, xatirəsi daim anılır.
Sonda şəhidin qohumları anım tədbirinin təşkilinə görə minnətdarlıq ediblər.
Qeyd edək ki, Yusif Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. O, 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 27 mart tarixli Fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Naxçıvan şəhərindəki məktəblərdən birinə və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəbə qəhrəmanın adı verilib, məktəbin qarşısında büstü qoyulub.