REGİONLAR
Naxçıvanda ötən əsrin 60-cı illərindən istismar olunan yarımstansiyalar yenidən qurulur
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan prioritet istiqamətlərin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən bir sıra işlər həyata keçirilir.
Muxtar respublikanın Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramının “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”na uyğun olaraq Dövlət Energetika Xidməti 110/35/10 kilovoltluq “Çeşməbasar” və “Sədərək” yarımstansiyalarının layihələndirilərək yenidən qurulması işləri aparır. Həmçinin 35/10 kilovoltluq “Sədərək”, “Nəzərabad” və “Əbrəqunus” yarımstansiyalarının da yenidən qurulması istiqamətində işlər davam edir. Bu məqsədlə dövlət satınalması vasitəsilə alınmış 6 ədəd 6300 kilovat gücündə, 35/10 kilovoltluq güc transformatorlarından artıq 4 ədədi muxtar respublikaya gətirilib. Bu yarımstansiyaların layihələndirilməsi məqsədilə açıq tender müsabiqəsinin qalibi olan “İmpuls Group” MMC ilə müqavilə bağlanılıb.
Bundan əlavə, yarımstansiyaların tikiləcəyi torpaq sahələri də müəyyənləşib, topoqrafiya işləri yekunlaşdırılıb, mühəndis geoloji işləri görülüb və nümunələr Bakı şəhərinə laboratoriyaya göndərilib.
Ümumilikdə ötən əsrin sonlarından istismar olunan, 10 mindən artıq abonentin elektrik enerjisi ilə təminatını həyata keçirən elektrik yarımstansiyaları yenidən qurulur. Bu layihələrin icrası imkan verəcək ki, elektrik enerjisinin uzaq məsafələrə, eyni zamanda, yaşayış məntəqələrinə çatdırılması, paylanması və elektrik enerjisi təchizatında səmərəliliyi, abonentlərin elektrik enerjisi ilə təminatında dayanıqlılığı və keyfiyyəti artsın.