Naxçıvanda vaksinasiya uğurla davam etdirilir
Naxçıvan, 26 mart, AZƏRTAC
Muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya uğurla həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ilkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovak” vaksini vurulub. Vaksinasiyaya 3500 tibb işçisi cəlb olunub. Yaxın günlərdə əhalinin revaksinasiyası aparılacaq.
Risk qrupuna daxil olan peşə sahibləri ilə yanaşı, yaşı 50-dən yuxarı əhali qrupuna da peyvəndlərin vurulması həyata keçirilir. Bu günədək bu yaş kateqoriyasına daxil olan mindən çox insan vaksinasiyaya cəlb edilib.
Bədən hərarəti 37 dərəcədən yüksək olanlara peyvənd vurulmayıb. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə edilməyib.
Qeyd edək ki, muxtar respublikada COVID-19 xəstəliyinə qarşı vaksinasiya Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın təşkilatçılığı ilə aparılır.