Naxçıvanda yaz suvarma mövsümünə hazırlıq işləri davam etdirilir
Naxçıvan, 16 mart, AZƏRTAC
Muxtar respublikada su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması istiqamətində görülən işlərin əhatə dairəsi genişləndirilir, yaz suvarma mövsümünə hazırlıq işləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cəmiyyətin əməkdaşları tərəfindən fevral ayında 17 kilometr yeni suvarma xətti çəkilib, 240 metr yeni açıq drenaj kanalı qazılıb. 1,5 kilometr təzyiqli boru xətti təmir edilib, 37 kilometr beton və torpaq kanal, həmçinin 14 kilometr ara arxlar lildən təmizlənib. Eyni zamanda nasos stansiyalarının təzyiqli boru xətlərində təmir işləri davam etdirilib, suvarma mövsümünə hazır vəziyyətə gətirilib. Bu dövrdə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsi məqsədilə 590 metr istiqamətləndirici bənd salınıb.
Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan ərazilərin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndində 700 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 17,3 kilometr suvarma boru xətti quraşdırılıb, 85 hidrant hovuzu tikilib. Bununla bərabər Şahbuz rayonunun Türkeş kəndi ərazisində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb.
Kəhrizlərin və subartezian quyularının istismara yararlılığı diqqətdə saxlanılıb, 5 kəhrizdə və 35 subartezian quyusunda təmir işləri davam etdirilib, 1 yeni subartezian quyusu tikilərək balansa alınıb. Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Şərur rayonunun Cəlilkəndində 1674 metr su xətti, Babək rayonunun Nehrəm və Araz kəndlərində 6451 metr su və 2764 metr kanalizasiya xətti çəkilib.