Naxçıvandakı Ağbulaq İstirahət Mərkəzi turistlər üçün cəlbedici məkandır
Bakı, 14 sentyabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ağbulaq kəndi ərazisindəki istirahət mərkəzi turistlər üçün çox cəlbedici bir məkandır.
AZƏRTAC xəbər verir ki, Ağbulaq kəndi ekoloji təmizliyi, flora və faunasının zənginliyi ilə seçilir. Dağlıq ərazidə yerləşən Ağbulaqda kənd turizminin inkişafı üçün əlverişli infrastruktur mövcuddur. Fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin və telefon rabitəsinin mövcudluğu, yolun çəkilməsi turizm imkanlarını daha da artırmışdır.
Kənd dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Lakin buna baxmayaraq, kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Eyni zamanda, istirahət mərkəzi kəndin inkişafında da mühüm rol oynayacaqdır.
Ağbulaq istirahət mərkəzi 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılmış, havalandırma sistemləri quraşdırılmış və sürətli internetlə təchiz edilmişdir. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da vardır.
Kompleksin ərazisinə 2 kilometr məsafədən içməli su xətti çəkilmiş, ərazi dəmir məhəccərlə hasarlanmışdır. Həyətdə futbol meydançası yaradılmış, uşaq əyləncə qurğuları qoyulmuş, ağac və gül kolları əkilmişdir.