“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətindən
AZƏRTAC-a bildirmişlər ki, noyabrın əvvəlindən Astaradakı qaz-kompressor stansiyasından ilk qazın İrana ötürülməsinə başlanmışdır. Hacıqabul-Astara magistral qaz kəməri vasitəsilə bu stansiyaya ötürülən qaz oradan 55 atmosfer təzyiqlə İran İslam Respublikasına verilir. Magistral qaz kəməri əsaslı təmir olunmuş, 3,7 kilometrlik hissəsi tam dəyişdirilmişdir. Kompressor stansiyasından sərhədə qədər 2 kilometr uzunluğunda, habelə İran Culfası ilə Azərbaycan Culfası arasında Arazdan keçməklə yüksəktəzyiqli magistral qaz kəmərləri inşa edilmişdir. Naxçıvanda ümumi uzunluğu 67 kilometr olan yüksəktəzyiqli 530 millimetrlik magistral qaz kəmərləri və 390 kilometr uzunluğunda qaz xətləri çəkilmişdir. Naxçıvan şəhərinin tam qazlaşdırılması polietilen borularla həyata keçirilmişdir. Rayon mərkəzlərinin qazlaşdırılması üçün daşıyıcı kəmərlər çəkilmişdir.
Bundan əlavə, 8 avtomatik qazpaylayıcı stansiya, beynəlxalq standartlara uyğun 2 qazölçmə stansiyası (Astarada və Culfada), qazın tərkibini müəyyən edən laboratoriya, 9 inzibati bina inşa olunmuş, 10 min 500 mənzildə sayğaclar və qaz sobaları quraşdırılmış, yeni yaradılmış Naxçıvan Qaz İstehsalat Birliyində 350 iş yeri açılmışdır.
Naxçıvanın qazla təminatının ikinci mərhələsinin texniki-iqtisadi əsaslandırması hazırlanıb təqdim olunmuşdur. İkinci mərhələdə 44 min abonentin qazla təmin olunması üçün 145 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur.