Naxçıvanlı şahmatçılar beynəlxalq turnirdə iştirak ediblər
Naxçıvan, 8 sentyabr, AZƏRTAC
Türkiyənin Bitlis şəhərində “Betav” Beynəlxalq Şahmat Turniri keçirilib. Yarışda 16 ölkədən 400-ə yaxın şahmatçı üç kateqoriyada mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvandan turnirə qatılan 20 şahmatçıdan ikisi uğurlu nəticəyə nail olub. Beynəlxalq usta Pərviz Qasımov ən reytinqli şahmatçıların mübarizə apardığı “A” kateqoriyasında 9 oyuna 6,5 xal toplayaraq ümumi sıralamada 8-ci yeri əldə edib. Birinci yerdən cəmi yarım xal fərqi olan şahmatçı turniri ilk onluqda tamamlayan mükafatçılardan biri olub.
Digər təmsilçi Xatun Nəcəfova isə “B” kateqoriyasında 5 xal toplayaraq qadınlar arasında ikinci yeri qazanıb. Şahmatçı liderlə eyni göstəriciyə malik olsa da, əmsal fərqinə görə gümüş medala layiq görülüb.