Nazir: Azərbaycanın yaşıl enerji güclərinin 70 faizindən çoxu ixrac ediləcək

Bakı, 24 sentyabr, AZƏRTAC
“Wind Energy Hamburg” konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov “Enerji keçidi dövründə” panelində Azərbaycanın Avropaya yaşıl enerji ixracı siyasətinə dair çıxış edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, çıxışda növbəti 6 il ərzində yaradılacaq azı 7 QVt yaşıl enerji güclərinin 70 faizindən çoxunun ixraca yönəldiləcəyi, bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsinin tərtib edildiyi vurğulanıb.
Avropaya ilkin mərhələdə 4 QVt yaşıl enerji tədarük edəcək “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan 1 QVt bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik “Azərbaycan-Türkiyə-Avropa” yaşıl enerji dəhlizlərinin icra vəziyyəti barədə məlumatlar verilib. Həmçinin yaxın vaxtlarda “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in imzalanacağı, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanlarının müzakirə edildiyi bildirilib.
Nazır Pərviz Şahbazov deyib: “Bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək. Avropaya yaşıl enerjini müxtəlif marşrutlarla Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq. Ən önəmlisi Avropada bərpaolunan enerji Şimal dənizi və Xəzər dənizi ilə balanslaşdırıla bilər. Bütün bunlar ölkəmizin bərpaolunan enerji resurslarına transformasiya etmək və yaşıl enerjinin təchizatında regional lider olmaq əzmini nümayiş etdirir”.
Yaşıl enerji dəhlizlərinin Azərbaycanın ev sahibliyi ilə bu ilin noyabrında keçiriləcək COP29 Sədrliyinin 14 təşəbbüsündən biri olduğu da diqqətə çatdırılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Liderlər Sammitinin, həmçinin “Mərkəzi Asiya ölkələri üçün İnvestisiya Forumu”nun keçirilməsi ilə COP29-un bərpaolunan enerjinin tədarükü ilə bağlı regional təşəbbüslərimizə qlobal marağı cəlb edən və töhfə verən platforma olacağı qeyd edilib.
Sonra biznes sektoru və medianın iştirakı ilə Azərbaycanda yaşıl enerji keçidi və enerji ixracı ilə bağlı dəyirmi masa və müzakirələr keçirilib.