Nazir müavini: Azərbaycanda son dörd ildə 12 milyondan çox ağac əkilib VİDEO
Bakı, 5 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Azərbaycanda istismarı başa çatmış faydalı qazıntı yataqlarında təxminən 900 hektara yaxın ərazi rekultivasiya olunub, son dörd ildə isə 12 milyondan artıq ağac əkilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva dekabrın 5-də FAO-nun 80 illiyi münasibətilə Balaxanıda Ümumdünya Torpaq Gününə həsr olunmuş tədbirdə bildirib. “Çox xoşbəxtik ki, bu fəaliyyətləri işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirmək bizə nəsib olur. Bu gün torpağın təkcə ekosistemlərin sağlamlığı və kənd təsərrüfatı üçün deyil, həm də xalqımızın kimliyi, ruhu və varlığı üçün müstəsna dəyərə malik olduğu bir daha xatırlanır. Torpağı qorumadan nə sağlam ekosistem qurmaq mümkündür, nə də davamlı gələcəyi təmin edə bilərik. Torpaqların eroziyadan, çirklənmədən və iqlim dəyişmələrinin təsirindən qorunması həm ekoloji məsuliyyətdir, həm də vətənə bağlılığımızın göstəricisidir”, - deyə Umayra Tağıyeva bildirib.
Nazir müavini vurğulayıb ki, torpağa yalnız iqtisadi resurs kimi deyil, həyat mənbəyi kimi yanaşmaq və onu gələcək nəsillərə qoruyub ötürmək əsas vəzifələrdəndir.