NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Oktyabrın 1-də Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Fransa Respublikasının xarici işlər üzrə dövlət katibi Reno Müzelyeni qəbul etmişdir.
Fransanın yeni hökumətində bu vəzifəyə təyinat aldıqdan sonra ilk xarici səfərə çıxdığını və Prezident Jak Şirakın tapşırığı ilə Cənubi Qafqaz bölgəsi ilə tanışlığa məhz Azərbaycandan başladığını nəzərə çatdıran cənab Reno Müzelye Fransa Respublikasının bu bölgədə ən sabit və güclü dövlət kimi tanıdığı Azərbaycan Respublikası ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini xatırlatdı. Sonra qonaq Fransa-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsi, hər iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dinamik inkişafına nail olunması zərurətindən danışdı. Cənab Müzelye məmnunluqla vurğuladı ki, Azərbaycanda fəaliyyət göstərən fransalı iş adamları ilə görüşü zamanı onlar həm neft-qaz sektorunda, həm də qeyri-neft sahələrində uğurla çalışdıqlarını, eləcə də kənd təsərrüfatı, su təchizatı, kanalizasiya, avtomobil sənayesi, ticarət və digər sahələrə investisiya qoyuluşunu gələcəkdə daha da artırmaq niyyətində olduqlarını bildirmişlər.
Qonağın missiyasını təqdir edən baş nazir Artur Rasizadə Cənubi Qafqaz regionunda böyük iqtisadi layihələrin maneəsiz gerçəkləşdirilməsi üçün ilk növbədə məhz dinclik, əmin-amanlıq yaradılmasının zəruri olduğunu vurğuladı. Bu məqsədlə mövcud münaqişələrin tezliklə həll edilməsinin, bölgədə etnik separatizmin, terrorizmin və işğalçılıq siyasətinin qarşısının qətiyyətlə alınmasının çox vacib olduğunu nəzərə çarpdıran Artur Rasizadə Ermənistanın Azərbaycana hərbi təcavüzünün ağır nəticələrinə toxundu və Ermənistan Respublikasının qeyri-konstruktiv mövqeyinin ümumən regionun inkişafına mənfi təsir göstərdiyini bildirdi. Münaqişənin həllini sürətləndirmək üçün beynəlxalq ictimaiyyətin, o cümlədən Fransa Respublikasının dəstəyinə böyük ehtiyac duyulduğunu vurğulayan baş nazir daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da öz fikir və mülahizələrini söylədi.
Səmimilik şəraitində keçən görüşdə Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova və Fransanın Azərbaycandakı səfiri Şantal Puare iştirak edirdilər.