REGİONLAR
Nazirlik nümayəndəsi: Məqsədimiz gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir
Şəki, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qədim tarixə malik olan Şəki şəhəri Azərbaycan və Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsinə ev sahibliyi edir. Sentyabrın 14-dək davam edəcək beynəlxalq düşərgənin keçirilməsində məqsəd qeyri-formal təhsil alətləri ilə gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və mədəniyyətlərarası dialoqun aparılmasını dəstəkləməkdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Şəkidə keçirilən beynəlxalq yay düşərgəsinin təşkilatçı qurumlarından olan Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Əli İsgəndərli deyib.
Nazirliyin nümayəndəsi bildirib ki, ümumilikdə, 120 nəfərin qatıldığı düşərgədə Azərbaycan və Gürcüstanın hər birindən 50 gənc, həmçinin təşkilatçı komitənin 20 nəfərdən ibarət üzv və təlimçi dəstə rəhbərləri iştirak edirlər.
“Düşərgə müddətində iştirakçılar müxtəlif sessiyalar, təlimlər və digər fəaliyyətlərdə iştirak edəcək, bilik və bacarıqlarını inkişaf etdirməyə çalışacaqlar. İnanırıq ki, düşərgənin fəaliyyəti uğurlu olacaq, keçirilən təlimlər gənclərin həyatında səmərəli və müsbətyönümlü inkişafa təsir göstərəcək”, - deyə Əli İsgəndərli vurğulayıb.