Neft qiymətləri tədarük zəncirinin pozulması ehtimalı fonunda artır
Bakı, 14 oktyabr, AZƏRTAC
Qlobal neft qiymətləri investorların cari ilin qalan hissəsində tədarük çatışmazlığının pisləşməsindən narahat olması fonunda artmaqda davam edir.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, beynəlxalq etalon markalı “Brent” neftin bir barelinin qiyməti həftə sonunda 6,69 faiz bahalaşaraq 90,89 dollara satılıb.
Amerikanın “West Texas Intermediate” (WTI) markalı nefti isə eyni vaxtda bir barel üçün 87,75 dollara satılıb ki, bu da cümə axşamı günü olan 82,91 dollardan 5,09 faiz artıqdır.
Ekspertlər bildirirlər ki, qlobal neft bazarlarında təklif çatışmazlığı diqqət mərkəzindədir. İsrailin qlobal neft tədarükünə məhdud töhfəsinə baxmayaraq, Yaxın Şərqdə gərginliyin artması və münaqişənin daha geniş əraziyə yayılması ehtimalı, habelə infrastrukturun zədələnməsi təhlükəsi və nəticədə ilin qalan hissəsi üçün proqnozlaşdırılan tədarük kəsirinin dərinləşməsi ilə bağlı qorxular qiymətlərin daha da artmasına səbəb olur.
Beynəlxalq Enerji Agentliyi (IEA) cümə axşamı aylıq hesabatında 2023-cü il üçün tələb artımı proqnozunu gündəlik 2,3 milyon barelə yüksəldib və OPEC-in dəyişməz olaraq gündəmdə olan 2,4 milyon barel proqnozuna yaxınlaşdırıb.
Bu arada, BEA gələn il üçün neftə tələbat artımı proqnozunu təqribən 900 min barelə endirərək, "daha sərt iqtisadi iqlim və enerji səmərəliliyində davamlı irəliləyişin neft istehlakına təsir edəcəyini" bəyan edib. Əksinə, OPEC gələn il tələbatın sutkada 2,2 milyon barel artacağını proqnozlaşdırır.
Bununla belə, dünyanın əsas neft istehlakçısı olan ABŞ-da tələbin zəiflədiyini göstərən məlumatlar qiymət artımını cilovlayıb. Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının cümə axşamı açıqladığı məlumatlar ölkənin kommersiya xam neft ehtiyatlarının təxminən 10,2 milyon barel artdığını göstərir.