Neftçalada 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Neftçala, 1 aprel (AZƏRTAC). Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları muzeyin ekspozisiyasında nümayiş etdirilən 1918-ci ildə ermənilərin Kür çayı sahili boyunca yerləşən yaşayış məntəqələrində, o cümlədən rayonun Dirovdağ ərazisində törədyi vəhşilikləri əks etdirən kütləvi məzarlıqdakı insan qalıqları ilə tanış olmuşlar.
Toplantıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Dəyirmi masa”da çıxış edən rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlılara qarşı törədilən soyqırımına əsl hüquqi və siyasi qiymət verilmişdir.
Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Rövşən Həsənov 31 Mart-Azərbaycanlıların Soyqırını Günü ilə bağlı məruzə etmişdir.
Çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində öz ata-baba torpaqlarıdan qovularaq qaçqın və köçkün həyatı yaşayan soydaşlarımızın tezliklə öz yurdlarına qayıdacaqlarına əminliyini ifadə etmişlər.
Mərasimdə azərbaycanlıların soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.