CƏMİYYƏT
Neftçalada “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib
Bakı, 29 noyabr, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı və Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Neftçaladakı Olimpiya Kompleksində gənclər üçün tədbir keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən görüşdə Vətən müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərliyindən danışıb, çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən olduğunu vurğulayıb, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində də davam etdirilməsi nəzərdə tutulur.