“NEFTÇİ” YENİDƏN DÜNYANIN 4-CÜ KLUBUDUR
Gimnast qızlarımızdan ibarət “Neftçi” komandası dünyanın ən yaxşı klubları arasında 4-cü yeri əldə saxlamışdır. Bu, Tokioda keçirilən AEON Cup-2007 klub komandalarının dünya çempionatı başa çatandan sonra məlum olmuşdur.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Aliyə Qarayevə, Anna Qurbanova və Ceyla Quliyeva ixtisas yarışlarında 212.266 bal toplayaraq, İsrailin “Makkabi” klubunu qabaqlamış və 17 komanda arasında 4-cü yeri tutmuşlar.
Finalda Rusiya, Ukrayna və Belarus komandaları ilə yarışan “Neftçi” 108.041 balla dördüncü olmuşdur. Klub komandaları arasında dünya çempionu adını bu il də Rusiyanın “Qazprom” kollektivi qazanmışdır. İkinci yeri “Deryuginlər məktəbi” (Ukrayna), üçüncü yeri isə Belarusun “Dinamo” (Minsk) komandaları tutmuşdur. Fərdi yarışlarda Aliyə Qarayeva çoxnövçülük finalının yekunlarına görə 5-ci yeri tutmuş, Anna Qurbanova isə öz çıxışlarını 9-cu pillədə başa vurmuşdur.
AEON Cup-2007 çempionatının qalibi Rusiya nümayəndəsi Olqa Kapranova olmuşdur. İkinci yeri digər Moskva nümayəndəsi Vera Sesina tutmuşdur. 2007-ci ilin mütləq dünya çempionu ukraynalı Anna Bessonova isə üçüncü yerlə kifayətlənməli olmuşdur.
Yeniyetmə gimnastların yarışında Ceyla Quliyeva şəxsi birincilikdə 8-ci yeri tutmuşdur. Burada da birinci yerə Rusiya nümayəndəsi çıxmışdır. Ukrayna idmançısı ikinci, Yaponiya nümayəndəsi isə üçüncü nəticə göstərmişdir.
Azərbaycanlı gənc gimnast oğlanlardan ikisi - Şakir Şıxəliyev və Ruslan Balakişiyev isə İstanbulda keçirilən “Bosfor Kuboku” yarışlarında çıxış etmişlər. Onların hər ikisi ayrı-ayrı alətlər üzrə altı final mərhələsinin üçündə qüvvəsini sınaya bilmişdir.
Şakir Şıxəliyev daha yaxşı nəticə göstərmişdir. O, halqa ilə hərəkətlərdə və təkanla tullanmada altıncı yerləri tutmuş, turnikdə hərəkətlərdə isə yeddinci nəticə göstərmişdir. Ruslan Balakişiyev halqa ilə hərəkətlərdə yeddinci, təkanla tullanmada və sərbəst hərəkətlərdə isə səkkizinci yerlə kifayətlənməli olmuşdur.
Bu idmançıların məşqçisi, turnirin hakimlər kollegiyasının üzvü Rza Əliyevin fikrincə, gimnast oğlanlarımızın bu nəticələri uğurlu hesab edilə bilər, çünki “Bosfor kuboku” yarışlarında bütün dünyanı təmsil edən çoxsaylı idmançı iştirak edirdi.