“Neftçi”dən 150-ci penalti, “Qarabağ”ın futbolçusundan 100-cü oyun
Bakı, 16 mart, AZƏRTAC
“Neftçi” Azərbaycan çempionatlarında 150-ci penaltisini vurub.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə səfər matçına (3:1) təsadüf edib. Emin Mahmudov komandasının görüşdəki 2-ci qoluna 11 metrlik cərimə zərbəsindən imza atıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 34 mövsümdə vurduğu 150 penaltidən 120-ni qola çevirib. Paytaxt təmsilçisinin dəqiqlik faizi 80-ə bərabərdir. “Neftçi” turnirin tarixi ərzində vurulan penalti sayında yalnız “Qarabağ”dan geri qalır. Hər iki komanda 1992-ci ildən Premyer Liqanın (əvvəl güclülər dəstəsi) daimi iştirakçılarıdır.
Xatırladaq ki, “Neftçi” ilk penaltisini 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada vurub. Yunis Hüseynov komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atıb.
Bundan başqa, “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib. Hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. O, “Zirə” ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub. Qurbanlı Premyer Liqada 2020/2021-ci illər mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, “Qarabağ”da 91 (41 qol), “Zirə”də 9 (1 qol) oyun keçirib.
Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 453-cü futbolçu olub.