“Neptun” qurğusunun yedəklənməsi əməliyyatına başlanılıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Bu gün “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərinin iştirakı ilə “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, yedəkləmə əməliyyatında ASCO-nun “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.
Xatırladaq ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.