NƏQLİYYYAT MƏSƏLƏLƏRİNƏ DAİR İKİNCİ BEYNƏLXALQ KONFRANS GƏLƏN İL BAKIDA KEÇİRİLƏCƏKDİR
A.Mustafayev bu tədbirdə “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin səmərəli işləməsində Azərbaycan Respublikasının rolu” mövzusunda məruzə etmişdir. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Nəqliyyat dəhlizinin səmərəli işləməsi üçün son illər Azərbaycanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdik. Çıxışlarımız slaydlarla, şəkillərlə müşayiət olunurdu. Tranzit daşımaların nə qədər artdığını, infrastrukturda baş verən dəyişiklikləri konfrans iştirakçılarının nəzərinə çatdırdıq, Qars-Axalkalaki-Tbilisi-Bakı dövlətlərarası dəmir yolunun çəkilməsinin zəruriliyini və strateji əhəmiyyətini vurğuladıq. Tədbir iştirakçılarına həmin layihəni dəstəkləməyi təklif etdik. Ermənistan nümayəndələrinin etirazına baxmayaraq əksər dövlətlərin təmsilçiləri bizim təklifimizə müsbət münasibət bildirdilər. Həmçinin qeyd etdik ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ağdam-Xankəndi-Laçın-Yerevan-Naxçıvan tranzit magistralının bərpası ilə bağlı Ermənistana etdiyi təklif bu günədək cavabsız qalmışdır.
ATƏT-in təşkilatçılığı ilə nəqliyyat məsələlərinə dair ikinci beynəlxalq konfransı 2006-cı ilin martında Bakıda keçirmək nəzərdə tutulmuşdur.