Nəsimi rayonunda Qarabağ müharibəsi şəhidi Rəşad Zeynallının xatirəsi əbədiləşdirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçən şəhid Rəşad Zeynallının Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə 118 ünvanında adını daşıyan xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı haci Şahin Həsənli, incəsənət nümayəndələri, şəhidin döyüş yoldaşları, ölkə ictimaiyyəti, media nümayəndələri və şəhidin yaxınları iştirak edib.
Çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin göstərdiyi şücaətdən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı bildirilib.
Şəhidin ailə üzvləri, yaxınları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
1998-ci il aprelin 21-də Bakıda anadan olan Rəşad Zeynallı orta təhsilini 60 nömrəli tam orta məktəbdə alıb. O, 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetin cihazqayırma mühəndisliyi fakültəsində oxuyub.
Rəşad 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.
Rəşad Zeynallı oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan şəhid Rəşad Zeynallı şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Cəbayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.