CƏMİYYƏT
Nəsimi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin paytaxtın Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi, 4 ünvanındakı “Avangard” ayaqqabı mağazasında keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb. Anbar otağındakı taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb. Obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib. Obyekt odsöndürən balonlarla təmin olunmayıb. Mağazanın anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış həmin mağazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.