SİYASƏT
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
Vyana, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ATƏT məkanında təhlükəsizlik və bu sahədə əməkdaşlıq, milli azlıqlar, münaqişələrin nizamlanması və digər mövzularda müzakirələr aparılıb.
İclasda ATƏT-in Təhlükəsizlik Əməkdaşlığı Forumunun sədri Rauf Engin Soysal, ATƏT-in milli azlıqlar üzrə ali komissarı Lambert Zannyer, ATƏT Daimi Şurasının Təhlükəsizlik Komitəsinin sədri Neyl Buş və digərləri təqdimatlarla çıxış ediblər.
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxışında ölkəmizin Təhlükəsizlik Əməkdaşlığı Forumuna sədrlik edən Türkiyə tərəfini bu fəaliyyətində dəstəklədiyini bildirib. O qeyd edib ki, Türkiyə ATƏT-in etibarlı üzvü kimi yerləşdiyi regionda beynəlxalq və regional sülh, təhlükəsizlik və inkişaf üçün əhəmiyyətli rol daşıyır. Eyni zamanda, Azərbaycan bu forum çərçivəsində aktiv fəaliyyət göstərir və bu fəaliyyəti ilə ATƏT məkanında sülh və sabitliyin gücləndirilməsinə töhfə verir.
Azərbaycan nümayəndəsi təhlükəsizlik məsələlərindən bəhs edərkən ölkəmizin terrorizmin bütün aspektlərinə qarşı mübarizəni dəstəklədiyini ifadə edib. Eyni zamanda, qeyd edilib ki, nəzarətsiz zonalarda silahların qeyri-qanuni transfer və istifadəsi Azərbaycan da daxil olmaqla ATƏT-in iştirakçı ölkələrinin təhlükəsizliyi üçün kəskin təhdid yaradır. Bu məsələ Azərbaycanın işğal olunmuş əraziləri üçün mühüm əhəmiyyət daşıyır. Silah-sursat və hərbi texnika işğalçı ölkə tərəfindən işğal altındakı ərazilərə transfer olunur. Silahların işğal olunmuş ərazilərdə qeyri-qanuni transfer və diversiyası təkcə sülh və təhlükəsizliyimiz üçün təhdidlər yaratmır, eyni zamanda, terrorizm, mütəşəkkil cinayətkarlıq və digər transmilli təhdidləri dəstəkləyən zəmin hazırlayır.
T.Mirkişili çıxışının sonunda ATƏT-in bu məsələyə hərtərəfli reaksiya göstərməli olduğunu, bu reaksiyanın silahların qeyri-qanuni dövriyyəsinin bütün aspekt və formalarını əhatə etməsinin vacibliyini vurğulayıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana