Nigeriya: məsciddə törədilən partlayış nəticəsində azı 30 nəfər ölüb
Bakı, 21 noyabr, AZƏRTAC
Nigeriyanın şimal-şərqində məsciddə törədilən partlayış nəticəsində azı 30 nəfər həlak olub. Bu barədə yerli TV360 Nigeria onlayn-telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Mubi şəhərində baş verib. Partlayıcı qurğunun terrorçu-kamikadze tərəfindən işə salındığı bildirilir.
“Bizə Mubi məscidində partlayış olduğu, 30-dan çox insanın həyatını itirdiyi barədə məlumat verilib. Üzərində partlayıcı qurğu yerləşdirilmiş təxminən 17 yaşlı oğlan digər dindarlarla birgə məscidə daxil olub”, - deyə ştat polisinin nümayəndəsi Osman Əbubəkir bildirib. Onun sözlərinə görə, partlayıcı qurğu namazdan dərhal sonra işə salınıb.
Xəstəxanalara yerləşdirilən yaralıların sayı barədə məlumat verilmir.
Partlayışın məsuliyyətini hələlik heç bir radikal qruplaşma üzərinə götürməyib.