“NİKOYL” BANK AZƏRBAYCAN REGİONLARININ İNKİŞAFINA DİQQƏTİ ARTIRIR
Bank Moskvanın meri Yuri Lujkov paytaxtı kifayət qədər keyfiyyətli məhsulla təmin etmək məqsədi ilə həmsərhəd dövlətlərin ərazisində müştərək müəssisələrin yaradılmasında iştirak üçün maliyyə vəsaiti ayırmaq niyyətini bildirdikdən sonra bu qərara gəlmişdir.
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kənd təsərrüfatı bank üçün iqtisadi inkişafı baxımından çox perspektivli sahədir. “NİKoyl” kəndlərdə bank xidmətinin çatışmazlığını nəzərə alaraq, iqtisadi cəhətdən inkişaf edən regionlarda filial şəbəkəsini yaratmaq niyyətindədir. Azərbaycanın regional inkişaf strategiyasını rəhbər tutan bank yaxın iki ildə 6 yeni filial və 38 bölmə açacaqdır. Artıq bu həftə Gəncə regional filialının açılışı nəzərdə tutulmuşdur. Fermer təsərrüfatlarının maliyyələşdirilməsi ilə yanaşı, bank istehsal və emal müəssisələrinin, o cümlədən digər sənaye potensialının və meliorasiya infrastrukturunun inkişafına da səy göstərir.
İndi bank Qəbələ filialında bu təcrübəni həyata keçirir. Üzümçülüyə, şərab və konyak istehsalına, pambıq yığımına və emalına kreditlər ayrılır.
Bankın regional inkişaf sahəsində planlarının gerçəkləşdirilməsi resurs bazasının genişləndirilməsi məsələləri ilə sıx bağlıdır. Bu baxımdan, “NİKoyl”un əsas vəzifələrindən biri idarə standartlarını Rusiyanın UralSib maliyyə korporasiyasının standartlarına uyğunlaşdırmaqdır. Bu, bankın korporasiyanın layihə ehtiyatlarından istifadə etməsinə imkan yaradacaqdır.
Artıq görülmüş işlərin nəticəsi olaraq bank Avstriyanın Raiffeisn Zentralbank maliyyə qurumunda ticarəti maliyyələşdirmə proqramı üzrə 2 milyon dollar məbləğində kredit xətti açmışdır. Eyni zamanda, Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar məbləğində kredit cəlb olunmasına dair prosedur məsələləri başa çatdırılmışdır.
Bankın əsas maliyyə göstəricilərinin yüksələn xətlə inkişafı ona etimadın artmasından xəbər verir. Cari ilin yeddi ayı ərzində bankın aktivləri 39 faiz artaraq 50 milyon manata, kreditləşmə isə 79 faiz artaraq 40,4 milyon manata çatmışdır.
Aktiv əməliyyatlarının artımı, ilk növbədə, bütövlükdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafını və bankın müştərilərinin imkanlarının artması nəticəsində mümkün olmuşdur. Hazırda “NİKoyl” iri layihələrin maliyyələşdirilməsində bilavasitə iştirak edir. Məsələn, iri müştərilərdən biri ilə 5 milyon dollarlıq avadanlıq ixracının maliyyələşdirilməsinə dair saziş imzalanmışdır. “Azəri Yod” zavodunda 3,5 milyon dollar dəyərində iş aparılır.