Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıblar
Bakı, 26 sentyabr, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Nyu-Yorkda keçirilən “Concordia” Sammitində iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, NGBM-nin dəstəyi ilə baş tutan Sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri - Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev, Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın keçmiş Prezidenti Tarya Halonen, Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, həmçinin Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko və xanımı iştirak ediblər.
Sammit çərçivəsində Mərkəzin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərçivəsində Maltanın Baş naziri Jozef Muskat, Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Lagarde, Dünya Bankının Baş direktoru Kristalina Qeorqiyeva, CNN telekanalının aparıcısı, jurnalist və siyasi şərhçi Farid Zakariya, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, dünyanın ən böyük transmilli korporasiyalarından sayılan “BlackStone”nun rəhbəri və başqaları ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, əməkdaşlıq imkanları, 2018-cı ildə keçiriləcək VI Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il sentyabr ayında Nyu-Yorkda keçirilən “Concordia” Sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.