Nizami rayonunda Vətən müharibəsinin şəhidlərinin ailələri ziyarət olunub
Bakı, 11 noyabr, AZƏRTAC
Rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü ilə nəticələnən İkinci Qarabağ müharibəsindən bir il ötür. Zəfərimizin qazanılmasında Vətən uğrunda oddan, alovdan keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsinə ehtiramımız sonsuzdur. Şəhidlərimizin bizlərə əmanət olan ailələri, qazilərimiz dövlətimizin diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Nizami rayonundan olan deputatı Könül Nurullayeva növbəti dəfə şəhid ailələrinə ziyarətini davam etdirir. Tank taqımının komandiri olan baş leytenant Azad Hümbətovun ailəsini ziyarət edən deputat 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını deyib və onların problemlərinin həll edilməsinə kömək göstərəcəyini bildirib.
Azad Hümbətov Vətən müharibəsində Füzuli, Qubadlı və Laçın rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib və qəhrəmancasına şəhid olub. O döyüş tapşırıqları zamanı vəzifə borcunu şərəflə icra etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlara əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına, habelə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Digər bir şəhidimiz isə Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik göstərən Zəbiyulla Məmmədovdur. Sözügedən qəhrəmanımız noyabr ayının 4-də şəhidlik zirvəsinə ucalıb. O, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Cavid Manafov isə Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusi mərdlik və cəsarət göstərib. O, noyabr ayının 7-də qəhrəmancasına həlak olub. Döyüşlər zamanı komandirini, habelə digər döyüş yoldaşlarını ölümdən xilas edən Cavid Manafov düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalına layiq görülüb.