“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik edilir
Bakı, 27 dekabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklərlə bağlı qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda, onların razılaşdırılması, qəbulu və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif olunur.
Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər olunan və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.