NÖVBƏTİ REGİONAL MÜŞAVİRƏ ŞƏKİ ŞƏHƏRİNDƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan rayonlarının və Şəki şəhərinin icra hakimiyyəti, hüquq mühafizə orqanları və kommunal strukturları rəhbərlərinin iştirak etdiyi müşavirəni giriş sözü ilə açan Baş nazirin birinci müavini Yaqub Eyyubov bildirmişdir ki, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş geniş iclasında dövlətimizin başçısı indiki mərhələdə ölkənin sosial-iqtisadi inkişafının başlıca istiqamətlərini müəyyənləşdirmişdir. Makroiqtisadi sabitliyin qorunması, yeni çevik investisiya siyasətinin həyata keçirilməsi, daxili bazarın qorunması və möhkəmləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafına diqqətin artırılması, maliyyə intizamının gücləndirilməsi əsas vəzifələr kimi vurğulanmışdır.
Natiq demişdir ki, Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev əldə edilən uğurlarla yanaşı, kommunal sektorda yaranmış mənfi hallara da toxunmuş, istifadə olunan təbii qazın, elektrik enerjisinin, suyun və digər kommunal xidmətlərin haqqının ödənilməsi sahəsində hələ də ciddi problemlərin olduğunu xüsusi qeyd etmiş, yol verilmiş nöqsanların təcili aradan qaldırılması üçün əlaqədar icra orqanlarının rəhbərlərinə konkret tapşırıq və göstərişlər vermişdir. Araşdırmalar göstərir ki, kommunal sektorda yaranmış bu çətin vəziyyətin başlıca səbəbi enerji daşıyıcılarının uçotunun dəqiq aparılmaması və maliyyə intizamının pozulmasıdır. Pul vəsaitlərinin vaxtında və tam yığılmaması ilə kommunal sektorda yaranmış bu mürəkkəb vəziyyət bütövlükdə ölkə iqtisadiyyatına çox ciddi təsir edir, makroiqtisadi sabitliyi pozur və inflyasiya artımına səbəb olur.
Müşavirədə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Səhmdar Cəmiyyətinin vitse-prezidenti Zakir Namazov çıxış edərək, mövcud vəziyyəti hərtərəfli təhlil etmiş, qarşılaşdıqları problemlər və onların həlli yollarından danışmışlar. Bildirilmişdir ki, istifadə olunan təbii qazın və elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsi üçün, ilk növbədə, 2006-cı ilin sonunadək yerlərdə sayğacların quraşdırılması işi başa çatdırılmalıdır. İndiyədək bu bölgədə qaz abonentlərinin 70 faizi sayğaclarla təmin olunmuşdur. Sayğacların quraşdırılması yığıma müsbət təsir göstərir. İyul ayında Balakən rayonunda təbii qazın haqqının ödənilməsi 100 faiz, Zaqatala rayonunda 94 faiz, Qax rayonunda isə 84 faiz təşkil etmişdir ki, bu da bölgə, eləcə də ölkə üzrə ən yüksək göstəricilərdir.
İstifadə olunmuş elektrik enerjisi haqqının ödənilməsində isə 7 ayın nəticələrinə görə, Qax rayonu 51 faizlə bu bölgə üzrə birinci yerdədir. Sonrakı yerlərdə isə yenə də Balakən və Zaqatala rayonları gəlir.
Müşavirədə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Kamil Rəhimov çıxış edərək, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, bu sahədə yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə rayonlarda həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat vermiş, mənfi halların yaranmasında müvafiq orqanların yerli qurumlarının da böyük məsuliyyət daşıdığını xüsusi vurğulamış, bu orqanların ünvanlarına öz iradlarını bildirmiş, təkliflərini vermişlər.
Baş nazirin birinci müavini Yaqub Eyyubov müşavirəyə yekun vurmuşdur.
Müşavirədə Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Tahir Budaqov və Respublika Baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxış etmişlər.