Novosibirsk şəhərinin meri Bakı Slavyan Universitetində olmuşdur
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Rusiya Federasiyası Novosibirsk şəhərinin meri Vladimir Qorodetski, Deputatlar Şurasının sədri Nadejda Boltenko, merin müavini, Tikinti və Memarlıq Departamentinin rəisi Sergey Boyarski, “Rus-Azərbaycan Evi” şurasının sədri Mais Məmmədov və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev Bakı Slavyan Universitetində (BSU) olmuşlar.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar əvvəlcə bu ali təhsil ocağında fəaliyyət göstərən Rusiya Tədris - Mədəniyyət Mərkəzi ilə tanış olmuşlar.
Müəllim və tələbələrlə keçirilən görüşdə BSU-nun tədris işləri üzrə prorektoru, professor A.Hacıyev qonaqlara universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Görüşdən məmnunluğunu bildirən V.Qorodetski Novosibirsk şəhərində fəaliyyət göstərən təhsil və elm müəssisələri ilə BSU arasında əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsinin vacibliyini vurğulamışdır. Qonaq universitetdə fəaliyyət göstərən Rusiya Tədris - Mədəniyyət Mərkəzində rus dilinin uğurlu tədris olunmasını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. Novosibirsk Sibirin Çikaqosu adlandırıldığını qeyd edən mer öz şəhəri haqqında geniş məlumat vermişdir. O, Azərbaycana gəlişinin məqsədini şəhərlərarası münasibətlərin genişlənməsi ilə bağlı olduğunu da söyləmişdir.
Qonağa professorlar K.Abdullayev və İ.Həmidovun müəllifi olduqları “Русский язык в Азербайджане” kitabı hədiyyə edilmişdir.
Sonda V.Qorodetski BSU-nun Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.