Novruz bayramı Drezdendə də qeyd edilmişdir
Bakı, 27 mart (AZƏRTAC). Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə Novruz bayramı qeyd olunmuşdur.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə soydaşlarımız ilə yanaşı alman, yəhudi, Ukrayna, rus, Litva ictimaiyyətinin nümayəndələri də iştirak etmişlər.
“Alm.az” Cəmiyyətinin sədri Ağahüseyn Babayev iştirakçılara Novruzun adət-ənənələri barədə ətraflı məlumat vermiş, bu bayramın əhəmiyyətindən danışmışdır.
Saksoniya əyalətinin Prezident Administrasiyasının rəhbəri Klaus-Peter Köhler Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, Saksoniya Prezidentinin təbrik məktubunu oxumuşdur.
Çexiyanın əyalətdəki konsulu Petr Yaroş da azərbaycanlıları bayram münasibətilə təbrik etmiş və xalqımıza yeni uğurlar arzulamışdır.
Qazaxıstanın Saksoniyadakı konsulluğunun katibi, xanım Alevtina Böttner qazax və Azərbaycan xalqları arasında olan dostluq münasibətlərindən danışmışdır. Katib ölkəsinin Almaniyadakı səfiri Nurlan Oçxanovun təbriklərini tədbir iştirakçılarına çatdırmışdır.
Drezden şəhər meriyasının nümayəndəsi xanım Dr.Birgit Weibgerber və parlamentin deputatları da azərbaycanlıları bayram münasibətilə təbrik etmişlər. Onlar xalqımızın bu cür gözəl adət-ənənələrinin gənc nəslin nümayəndələri tərəfindən qorunub saxlanacağına, alman cəmiyyətinə layiqincə təqdim ediləcəyinə ümidvar olduqlarını bildirmişlər.
Təqdim olunan Azərbaycan rəqsləri, musiqisi, Novruz şirniyyatları qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.