NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Hörmətli həmvətənlər!
Sizi xalqımızın ən əziz bayramı - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram.
Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır.
Milli təfəkkürümüzün və mədəni-mənəvi dəyərlərimizin parlaq təcəssümü sayılan Novruz bayramı suveren Azərbaycan dövlətinin rəsmi bayramı olaraq müstəqil respublikamızın hər bir guşəsində kütləvi şənliklərlə qeyd edilir. Yaz bayramının insanlarımızda qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı ölkəmizin dinamik inkişafla əlamətdar həyatında son illər ən müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərlə, paytaxtda və bölgələrdə geniş miqyasda aparılan quruculuq-abadlıq işləri ilə ümumi ahəng təşkil edir. Builki Novruz bayramı özünün yeni dövrünü yaşayan Azərbaycan muğamının da bayramıdır və Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə əlamətdardır.
Doğma Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz gündə ehtiramla yad olunur. Ölkəmizin hüdudlarından uzaqlarda soydaşlarımız da bizimlə bərabər Bahar bayramını böyük sevinclə qarşılayırlar. İnanıram ki, milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu el bayramı azərbaycançılıq məfkurəsi ətrafında onların müqəddəs Vətənə bağlılıq duyğularını daha da möhkəmləndirəcəkdir.
Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.
Novruz bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2009-cu il.