Novruz bayramı münasibətilə İsveçrədə bayram şənliyi keçirilib
Bern, 23 mart, AZƏRTAC
İsveçrənin Bern şəhərindəki “Qarabağ” məktəbi və Sürix şəhərində yerləşən "Azərbaycanın Dostları" Birliyində Novruz şənliyi qeyd olunub.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, bu ölkədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" birliyi Sürix şəhərində uşaqlar üçün Novruz şənliyi təşkil edib.
Şənlikdə birliyin tərkibində fəaliyyət göstərən "Buta" rəqs qrupunun uşaqları baharın gəlişinə həsr edilmiş şeirlər, haştaqlar səsləndirib, rəqs nömrələri və səhnəciklə çıxış ediblər.
Şənlik Fikrət Əmirovun "Qarabağ inciləri " bəstəsinə hazırlanmış rəqs nömrəsi ilə başlayıb.
Daha sonra uşaqlar Novruz bayramının əsas qəhrəmanları Bahar qızı, Keçəl, Kosanın olduğu səhnələri canlandırıb və öz hazırladıqları simvolik tonqalın üzərindən atlanıblar.
Şənliyin davamında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından səhnəcik və rəqs göstərilib. Sonda iştirakçılar Novruzun əsas atributlarından olan rəngli yumurtalar döyüşdürüb, milli şirniyyatlarımız olan şəkərbura, paxlava, eləcə də digər təamlar qonaqlara təqdim edilib.
Qürbətdə uşaqlara əsl Novruz abu-havasına yaşatdıqlarına və uşaqlarımıza mədəniyyətimizi tanıtdırdıqlarına görə bütün valideynlər "Azərbaycanın Dostları" Birliyinə dərin təşəkkürünü bildirib, öz sevinclərini ifadə etmiş və milli ənənələrimizin nəsillərdən-nəsillərə ötürülməsinin, bu ənənələrinin yaşadılmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə, Bern şəhərində yerləşən “Qarabağ” məktəbinin şagirdləri ilə də Novruz bayramına həsr olunan xüsusi onlayn dərs keçirilib. Dərsdə şagirdlərə Novruz bayramının xalqımızın mədəni tarixindəki rolundan bəhs edilmiş və bu bayramda illər boyunca qorunan və yaşadılan adət-ənənələrimiz barədə məlumat verilib. Həmçinin bu il Novruz tonqalının cənab Prezident İlham Əliyev tərəfindən Şuşada qalanmasının, erməni işğalından azad olunan Qarabağımızda yenidən Novruz bayramının qeyd olunmasının böyük mənəvi əhəmiyyətinə toxunulub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern