Novruz bayramı Peruda da qeyd olunub
Bakı, 21 mart, AZƏRTAC
Azərbaycanın Perudakı diplomatik nümayəndəliyində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Diplomatik nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Peru Xarici İşlər Nazirliyinin və Konqresin nümayəndələri, bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, həmçinin burada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Nümayəndəliyin rəhbəri Mehdi Məmmədov iştirakçılara Novruz bayramının çoxəsrlik tarixi barədə ətraflı məlumat verərək, bu bayramın Azərbaycan və dünya xalqlarının zəngin mədəni, tarixi irsi olduğunu diqqətə çatdırıb, həmçinin ölkəmizin Novruz bayramı ənənələrindən bəhs edib.
Şənlikdə qonaqlara Novruz bayramının rəmzləri olan təamlar və şirniyyatlar təqdim edilib, milli musiqilər səsləndirilib.