NUHUN GƏMİSİNİ ŞANLIURFADA AXTARMAQ LAZIMDIR
Onun fikrincə, Bibliya gəmisi tarixdən əvvəlki dövrdə Edessa kimi tanınmış həmin bölgədəki zirvələrdən birinə yan almışdır. Alim demişdir: “Dünyanı su basdıqdan sonra Nuhun gəmisi qədim Cudi şəhərinin xarabalıqlarının qaldığı yerdəki zirvəyə gəlib çıxmışdır. Əvvəllər bütün bu geniş ərazi Mesopotamiya adlanırdı. İndi Cudi kəndinin yerləşdiyi dağın zirvəsində 500 kvadratmetr sahədə qədim şəhərin qalıqları saxlanılır. Orada nəhəng bir gəminin izləri indiyədək görünür”.
Öncelin bir sıra həmkarları Yer üzünü su almasının Quranda verilən versiyasına əsaslanaraq, belə qənaətə gəlmişlər ki, Nuhun gəmisi müasir Türkiyənin cənub-şərqindəki Şirnak əyalətində yerləşən Cudi dağına yan almışdır. Onlar öz fərziyyəsinə sübut kimi xatırladırlar ki, bu əyalətin adı iki sözdən – şəhər mənasını verən “şir”dən və Nuh demək olan “nak”dan ibarətdir.
Öncel isə öz fikrində israrlıdır və digər fərziyyələri, o cümlədən Nuhun gəmisinin qalıqlarının Böyük Ağrı (Ararat) dağında olduğu barədə ənənəvi ehtimalı qəti şəkildə rədd edir. Alimin qənaətincə, bu, tamamilə cənnət bağı Edemin öyrənilməsinə də aiddir. Həmin bağın Şanlıurfada olduğu barədə fərziyyəni bu yaxınlarda Almaniyanın “Şpigel” jurnalı da irəli sürmüşdür.
Rəvayətə görə, dünyada indi mövcud olan bütün dinlərin yolları müasir Türkiyənin məhz bu bölgəsində kəsişmiş, Müqəddəs Avraam da burada doğulmuş və evlənmişdir. Şanlıurfa ilə daha bir neçə əfsanə bağlıdır. Onlardan birində deyilir ki, İsa Məsihin kəfəni – o, Turin örtüyü də adlanır (bu, üzərində İsanın tabut içərisində şəkli çəkilmiş dördkünc parçadır) - indiki Türkiyə ərazisində təxminən yeddi əsr saxlanılmışdır ki, bunun da, demək olar, 400 ili ərzində Edessada olmuşdur. Onu buraya İsanın ardıcıllarından biri gətirmişdir.
Digər rəvayətə görə, İsa Məsih öz təsvirini onu cüzamdan müalicə etdirən Edessa hökmdarına özü göndərmişdi. Bütpərəstlik dövründə İsanın kəfəni şəhər qülləsinin divarı arasına qoyularaq, hörülmüş və 544-cü ilədək burada qalmışdır. Xəlvətxana açıldıqda qalanın gözətçiləri heyrətə gəlmişlər: kəfənin yanına qoyulan çıraq hələ də yanırdı, divarda isə İsanın siması görünmüşdür.
Bir sıra mühüm kəşflər sayəsində Şanlıurfa dünya tarixində layiqli yer tutur. Bəşəriyyətin ən qədim eposlarından birinin – “Gilqameş” haqqında dastanın saxlandığı gil lövhələr XIX əsrin ikinci yarısında məhz bu əyalətin Harran vadisində tapılmışdır. Bu epos dünyanı su basmasını birinci təsvir etmişdi və bu, Əhdi-ətiqdə (Bibliyanın xristianlıqdan əvvəlki qədim hissəsi) haqqında söhbət açılan ümumdünya fəlakəti barədə deyilənlərə uyğun gəlir.
Şanlıurfalı alimin Nuhun gəmisinin yeri barədə yeni fərziyyə irəli sürməsinə, görünür, məhz bu səbəb olmuşdur.
Bibliya gəmisi artıq çoxdan axtarılır, lakin hələlik bir nəticə əldə edilməmişdir.
Bu gəminin ən məşhur axtarıcılarından biri də amerikalı astronavt Ceyms İrvindir. İrvin 1989-cu ildə Böyük Ağrı dağına növbəti ekspedisiya zamanı qəhvəyi rəngli qeyri-adi bir əşyanı videoplyonkaya çəkmişdir. Bir sıra Qərb alimləri ona baxdıqdan sonra belə ehtimal etmişlər ki, Nuhun gəmisinin qalıqları, həqiqətən, Böyük Ağrı dağındadır.
Gəmini axtaranların əksəriyyəti onun Böyük Ağrı dağında olduğu barədə öz fikrini bununla əsaslandırır ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) arxivlərində 1950-ci illərin axırlarında burada çəkilmiş qəribə obyektin şəkilləri var. Bu obyekti “Böyük Ağrı dağı anomaliyası” adlandırmışlar. 1997-ci ildə MKİ nümayəndələri həmin şəkilləri məxfilikdən çıxarmağa söz vermiş, lakin vədlərinə indiyədək əməl etməmişlər.
Bu il ABŞ alimləri bildirmişlər ki, İranın şimal-qərbində yerləşən Elburs dağlarında Nuhun gəmisinə oxşayan obyekt aşkarlamışlar. İran dağlarında tapılan artefaktların bir hissəsi hazırda ABŞ laboratoriyalarında ekspertizadan keçirilir.