Nyu-York Universitetinin professoru: Kənd təsərrüfatı üçün meşələrin qırılmasının qarşısı alınmalıdır
Bakı, 15 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Amazon meşələrinin qırılması əsasən kənd təsərrüfatı məqsədləri üçün yeni ərazilərin açılması ilə bağlıdır. Bu prosesin dayandırılması üçün təcili tədbirlər görülməlidir. Meşələrin sistemli şəkildə məhv edilməsi fermerlərin yeni ərazilərə köçməsi ilə daha da sürətlənir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Braziliyanın Belem şəhərində keçirilən COP30-un iştirakçısı, Nyu-York Universitetinin professoru Corc D.Torston bildirib.
“Əsas məsələ odur ki, kənd təsərrüfatı üçün meşələrin qırılmasının qarşısı alınmalıdır. Torpağın qida maddələri ilə zəngin olmaması səbəbindən fermerlər əkin sahələrini tez-tez dəyişirlər. Əgər mövcud əkin sahələrində torpağın münbitliyini qorumaq üçün daha yaxşı proqramlar tətbiq edilsəydi, bu hal baş verməzdi”, – deyə o vurğulayıb.
Corc D.Torston hesab edir ki, torpağın məhsuldarlığının artırılmasına yönəlmiş tədbirlər həm ətraf mühitin mühafizəsinə xidmət edər, həm də kənd təsərrüfatı üçün davamlılıq təmin olunar.