O, dəhşətli müharibənin qəhrəmanlarından biri və ömür-gün yoldaşının yeganə məhəbbəti idi
Bakı, 6 may (AZƏRTAC). Məlumdur ki, Böyük Vətən müharibəsinin tarixi SSRİ-nin qərb istehkamı sayılan Brest qalasının qəhrəmancasına müdafiəsi ilə başlanmışdır. 1941-ci il iyunun 22-də düşmənin xaincəsinə hücumunun ilk zərbəsini şəxsi heyətində müxtəlif millətlərdən olan hərbi qulluqçuların xidmət etdiyi bu qala qarnizonu dəf etmişdir. 1944-cü ilin yayında da Brestdə qanlı döyüşlər gedirdi. Brest şəhərini azad etmiş sovet qoşunları faşistləri oradan qovmağa başlamışdır. Həmin günlərdə burada qəhrəmancasına vuruşanlar arasında Azərbaycan diviziyasının döyüşçüləri də vardı.
Keçən əsrin 50-ci illərinin ortalarında Brest uğrunda qəhrəmancasına döyüşlər və bu qalanın müdafiəçiləri haqqında kitablardan birinin müəllifi, yazıçı Sergey Smirnova Bakıdan bir məktub gəldi. Məktubun müəllifi Sovet ordusunun keçmiş zabitinin dul qadını Asiya Hüseynzadə 1944-cü ildə Brestin azad edilməsi uğrunda qəhrəmancasına vuruşmuş həyat yoldaşı Əliheydər İbrahimov haqqında yazırdı.
Qvardiya mayoru Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı ildə Bilgəh kəndində anadan olmuşdur. Müharibənin ilk günlərindən artilleriya divizionuna komandirlik edirdi. Cəbhədə olduğu 3 ildə o, Ukrayna, Belarus, Qafqaz, Krım uğrunda döyüşlərdə, Odessanın azad edilməsində iştirak etmişdir. Qırmızı Bayraq ordeni, iki dəfə Aleksandr Nevski ordeni, Qırmızı Ulduz ordeni və bir sıra medallarla təltif edilmişdir.
1944-cü ilin yayında Brestin azad edilməsi uğrunda döyüşlərdə mayor İbrahimov ağır yaralanmışdır.
Hospitalda huşu özünə gələndən sonra Bakıya, arvadına onun adından məktub yazmalarını xahiş etdi. Onlar müharibə başlanandan bir qədər əvvəl evlənmişdilər. Bir-birini çox sevirdilər. bir qızları da vardı. Asiya xanım ərinin ağır yaralanması və Penzada hospitalda olması barədə teleqram alan kimi onun yanına yola düşür.
O, bərbad vəziyyətdə olan yüzlərlə dəmir yol stansiyalarından keçərək Penzaya çatana qədər bir həftədən çox keçir. Hospitalı axtarıb tapır, orada qvardiya mayoru İbrahimovun yerini soruşur. Gənc şəfqət bacısı ona deyir: “Ərinin hər iki gözü kor olmuşdur. Bu vəziyyətdə o sənin nəyinə gərəkdir? Bir başqasını taparsan”.
Asiya ərini palatada görəndə az qala huşunu itirəcəkdi: mərmi qəlpələri ilə eybəcər hala salınmış sifətində gözlərinin yerində iki qanlı yara yeri qalmışdı. Bu dəfə əri soruşdu: “Bu vəziyyətdə mən sənin nəyinə lazımam?”. Asiya özünü ələ alıb cavab verdi: “İndi mən səni daha çox sevirəm”.
Bir müddətdən sonra Asiya xanım, əri, bir də əslən Göyçay rayonundan olan, müharibədə ayağını itirmiş gənc döyüşçü birlikdə Vətənə qayıtdılar.
Keçmiş döyüş zabiti, gözəl idmançı, mərd və əzmkar bir insan olan Əliheydər İbrahimov əlil olması ilə heç cür barışa bilmir, dinc həyata çətinliklə alışırdı.
Bir dəfə Asiya xanım ərinin fikrini dağıtmaq üçün onu hər ikisinin çox sevdiyi, bənzərsiz ifaçı Rəşid Behbudovun konsertinə aparmışdı. Zalda ərinin yanında əyləşmiş Asiya xanım həyəcanla onu müşahidə edirdi. Ərinin üzündə göz yaşları görəndə soruşdu: “Konsert xoşuna gəlmədi?”. Sən demə, Əliheydəri bu qədər mütəəssir edən Rəşid Behbudovun ifasında Azərbaycan xalq mahnıları idi.
Əliheydər İbrahimov aldığı ağır yaralardan sağalmadı, 1953-cü ilin noyabr ayında vəfat etdi. Bilgəhdə torpağa tapşırıldı. Qəhrəmanın məzarı üzərində məşhur Azərbaycan heykəltəraşı Fuad Əbdürəhmanovun hazırladığı tunc büst ucalır. Məzar daşında bu sözlər yazılmışdır: “Burada Azərbaycan xalqının igid oğlu uyuyur ...”. Təəssüf ki, Azərbaycanın bir sıra guşələrində lap gənc oğullara həsr edilmiş bu cür epitafiyalı məzar daşlarının sayı bu gün də artmaqdadır.
Azərbaycanlı Asiya Hüseynzadənin məktubu yazıçı Sergey Smirnovu çox həyəcanlandırmışdı. 1956-cı ildə o, Brest qalası qəhrəmanları haqqında özünün hazırladığı radio verilişlərinin birində həmin məktubu səsləndirmişdi. Müharibə qəhrəmanı Əliyhedər İbrahimov və onun vəfalı ömür-gün yoldaşı haqqında Azərbaycan mətbuatında da xeyli oçerk və məqalələr dərc edilmişdir. Yazıçı Pyotr Simonov isə sonralar bu bakılı ər-arvadın məhəbbətindən bəhs edən “İki qəlb” adlı kitab yazmışdır.