İDMAN
ODESSALI OLİQARX “İSTANBULSPOR”U XİLAS ETMƏK İSTƏYİR
AZƏRTAC “Best sport nyuz”a istinadla xəbər verir ki, əslən odessalı olan Dmitri Piterman ağır maliyyə böhranı keçirən “İstanbulspor” futbol klubunu almağa hazırdır. İspaniyada yaşayan amerikalı milyonçu klubun rəhbərliyinə onun bütün borclarını ödəmək üçün 10 milyon dollar təklif edibdir. Təbii ki, bundan sonra o, komandanın prezidenti olmalıdır.
İstanbul komandası ağır maliyyə vəziyyətinə düşdüyünə görə, oyunçuların əmək haqqını çoxdandır ödəyə bilmir, bu yaxınlarda isə Antalyada məşq bazasından məhrum olmuşdur.
Piterman 10 milyon dolların klubun borclarını ödəməyə kifayət edib-etmədiyini aydınlaşdırmaq üçün agentini İstanbula göndərmişdir. Bu məbləğ “İstanbulspor”un sahiblərini qane etsə, Piterman Türkiyə çempionatında qış fasiləsindən sonra komandanın prezidenti olacaqdır.