REGİONLAR
Oğuzda Ulu Öndərin xatirəsinə həsr olunan voleybol yarışının qalibləri müəyyənləşib
Oğuz, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən voleybol üzrə xatirə turniri başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektoru, YAP rayon təşkilatı və Voleybol Federasiyasının Oğuz rayon nümayəndəliyinin təşkil etdiyi yarışda rayonun idarə, müəssisə və inzibati ərazi dairələrini təmsil edən komandalar mübarizə aparıblar.
Regional İdarənin Oğuz rayon sektorundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, üç gün davam edən yarış “Qalakənd” komandasının qələbəsi ilə başa çatıb. Qarabulaq və Qumlaq kəndlərini təmsil edən komandalar müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarışın qalibləri təşkilatçılar tərəfindən kubok, diplom, medal və pul mükafatı ilə təltif olunublar.