Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi üçün cins seçiminin qarşısının alınması məqsədilə tədbirlər müəyyənləşdirilib
Bakı, 7 mart, AZƏRTAC
Ötən il ölkəmizdə 14 min 179 körpə dünyaya gəlib. Onlardan 53,2 faizi oğlan, 46,8 faizi qız uşaqlarıdır. 2018-ci ildə doğulanlardan 74 min 224-ü oğlan, 64 min 758-i qız, 2017-ci ildə doğulanlardan 76 min 584-ü oğlan, 67 min 47-si qız uşaqlarıdır. Son illər aparılan demoqrafik təhlillər göstərir ki, ölkədə yeni doğulan körpələr arasında oğlan uşaqlarının sayı çoxluq təşkil edir. Bioloji normaya görə, hər yeni doğulan 100 qız uşağına 105 oğlan uşağı düşməlidir. Ancaq ölkəmizdə bu göstərici fərqlidir. Belə ki, yeni doğulan 100 qız uşağına 114 oğlan uşağı düşür.
AZƏRTAC xəbər verir ki, mütəxəssislər bu göstəricinin kifayət qədər yüksək olduğunu deyirlər. Son illər aparılan statistika göstərir ki, ölkəmizdə hər 1000 kişiyə düşən qadınların sayı ildən-ilə azalır. Artımın bu şəkildə getməsi əhalinin stabil artımını sual altında qoyur.
Maraqlıdır ki, doğulan uşaqlar arasında cins nisbətinin pozulması meyilləri aşağı gəlirli ailələr arasında daha yüksəkdir. Ölkədə dünyaya gələn uşaqların cins seçimi əsasən kənd yerlərində və nisbətən aztəminatlı ailələrdə müşahidə olunur. Digər tərəfdən ananın yaşı artdıqca doğulanlar arasında oğlan uşaqlarının payı daha da artır. Bu, ilk növbədə doğulacaq övladın cinsinin seçimi ilə bağlı valideynlər tərəfindən verilən qərarlarla, o cümlədən selektiv abortların artması ilə izah olunur.
“Cəmiyyətə gender bərabərliyinin təmin olunması məqsədilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planı dörd hissədən ibarətdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayevanın verdiyi məlumata görə, cins nisbətinin pozulmasının miqyasının müəyyən olunması üçün müvafiq araşdırmaların aparılması, statistik göstəricilərin toplanılması və bu sahədə statistikanın daha da təkmilləşdirilməsi ilə bağlı, xüsusilə reproduktiv sağlamlıqla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsinə yönəldilmiş tədbirlər nəzərdə tutulub.
Qarşıdakı beş il ərzində planın icrası sahəsində ölkədə cinsə görə qərəzli seçimin azaldılması və qız uşaqlarının dəyərinin təşviq edilməsi sahəsində əhəmiyyətli irəliləyişlərə nail olunacaq, qadınların cəmiyyətdə rolu artırılacaq, zorakılığın bütün formalarının qarşısı alınacaq. Erkən nikaha qarşı mübarizə aparılacaq, daha çox qız təhsilə yönəldiləcək. Bütün bunların həyata keçirilməsi üçün maarifləndirmə və məlumatlandırmaya da xüsusi diqqət yetiriləcək.