Ölkəmizin Qırğızıstandakı səfirliyi azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi keçirmişdir
Bişkek, 1 aprel (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi Qırğız-Türk “Manas” Universitetində Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi keçirmişdir.
Tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, universitetin müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dua oxunmuşdur.
Səfir Arif Ağayev soyqırımının tarixi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamlar, terror aktları haqqında məlumat vermiş, ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi-hüquqi qiymət verildiyini bildirmişdir.
Səfirlik tərəfindən çap etdirilmiş “Azərbaycanlılara qarşı soyqırımı və erməni terrorizmi” kitabçasının təqdimatı olmuş və o, iştirakçılara paylanmışdır. Nəşri jurnalistlər Ramiz Məşədihəsənli və Hökumə Xəlilova tərtib etmişlər. Kitabça Qırğızıstan Prezidenti Aparatına, parlamentin rəhbərliyinə və deputatlara, nazirliklərə, səfirliklərə, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə göndərilmişdir.
Mərasimdə çıxış edən universitetin prorektoru, professor Mahmud İzcilər, professor Sezer Akarcalı, “Türkel” qəzetinin redaktoru Ramiz Məşhədihəsənli, Qırğızıstanda yaşayan gənc soydaşımız Behzad Əliyev, uyğurların “İttipak” Mədəniyyət Mərkəzinin Ağsaqqallar Şurasının sədri Nazim Ağa, türkiyəli iş adamı Bayram Dəmir, “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini Əsəd Həsənov və başqaları erməni quldur dəstələrinin 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışmışlar.
Mərasimin sonunda soyqırımı ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek