Ombudsman Aparatında 31 mart soyqırımının tarixindən bəhs edilib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Ombudsman Elmira Süleymanova tədbirdə çıxış edərək, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyini, mərhələ-mərhələ aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımızın öz tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qaldığını diqqətə çatdırıb. Bu mənfur siyasətin məqsədinin azərbaycanlıları əzəli yurd yerlərindən qovmaq, həmin ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olduğu qeyd edilib.
Müvəkkil bildirib ki, ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, silahlı erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında deyib ki, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlandı.
Qeyd olunub ki, həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakıda minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, ermənilər evlərə od vuraraq, insanları diri-diri yandırmışlar. Nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılmış, xarabalığa çevrilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmişdir. Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürmüş, körpə uşaqları süngüyə keçirmişlər.
Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin əməkdaşı Nazim Mustafayev bildirib ki, hadisələr zamanı Zəngəzurun 115 kəndi dağıdılmış, dinc müsəlman əhalisinin əmlakı qarət olunmuşdur. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetirmiş, 53 nəfər isə yaralanmışdır. Lənkəran qəzasının 40-a yaxın kəndi dağıdılmış, yüzlərlə günahsız insan öldürülmüş, neçə-neçə ev talan edilmiş və yandırılmışdır.
Sonra tarixçi alimlər Aparatın əməkdaşlarının suallarını cavablandırıblar.