CƏMİYYƏT
Ombudsman Bərdədə yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı məsələni nəzarətə götürüb
Bakı, 29 avqust, AZƏRTAC
Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə müvəkkil yetkinlik yaşına çatmayan qızla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.
Eyni zamanda, ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.