OMBUDSMAN PARLAMENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Ombudsman Elmira Süleymanova qarşıdakı parlament seçkilərinin Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulamış, respublika Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamının bu mühüm kampaniyanın azad, demokratik və şəffaf keçirilməsində müstəsna əhəmiyyətindən danışmışdır.
Seminar-müşavirədə MSK-nın hüquq şöbəsinin baş məsləhətçisi Namiq Abbasov parlament seçkilərinə hazırlıq işlərindən, seçki prosesinin qanunla tənzimlənməsi məsələlərindən, müşahidəçilərin hüquq və vəzifələrindən bəhs etmişdir.
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm işlər üzrə baş inspektoru, polis polkovnik-leytenantı Akif Rüstəmov təbliğat kampaniyası zamanı, habelə seçki günü ictimai asayişin qorunması, məntəqələrin mühafizəsi sahəsində polisin hüquq və vəzifələrini şərh etmişdir.
Seminar-müşavirədə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş, praktik məsələlərlə əlaqədar təkliflər verilmişdir.
Ombudsman Elmira Süleymanova tədbirdən sonra bir qrup vətəndaşı qəbul etmişdir.