OMBUDSMANLARIN III DƏYİRMİ MASASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından AZƏRTAC-a bildirmişlər ki, ombudsmanlar inkişaf etmiş ölkələrdən olan həmkarlarının iş təcrübəsini öyrənmiş, insan hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsində Ombudsman İnstitutlarının rolunu təhlil etmişlər. Azərbaycan ombudsmanı tədbirdə “Beynəlxalq humanitar hüquq” mövzusunda çıxış etmişdir. O, iştirakçılara beynəlxalq humanitar hüququn şərtləri, prinsipləri, normaları barədə ətraflı danışmış, bu normalara riayət edilməsinin, beynəlxalq hüququn təbliği sahəsində maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini vurğulamışdır. E.Süleymanova Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti, 16 il davam edən uzunmüddətli erməni təcavüzü nəticəsində beynəlxalq hüquq qaydalarının, insan hüquqlarının kütləvi surətdə pozulduğunu, Xocalı soyqırımının törədildiyini, dinc əhaliyə, o cümlədən uşaqların, ahılların, qadınların qəddarlıqla qətlə yetirildiyini, əsir və girovlara amansız işgəncələr verildiyini iştirakçıların nəzərinə çatdırmışdır.
Ombudsman tədbirin davam etdiyi günlərdə Praqadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüş, onlara ölkəmizdəki vəziyyət barədə məlumat vermişdir.